Haqqımızda

Beynəlxalq əlaqələr

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra poçt sahəsində də beynəlxalq münasibətlər qurulmağa başladı.

Bu gün “Azərpoçt” MMC dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub.

Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da ümumilli lider Heydər Əliyevin danılmaz xidmətləri mövcuddur. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, poçt və rabitə sahəsinin beynəlxalq ekosistemlə inteqrasiyasının bünövrəsi də bundan sonra qoyulub.

Beynəlxalq Təşkilatlara Üzvlük

Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv qəbul edilib. Bundan başqa, qurum 2000-ci ilin yanvar ayında Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), 2001-ci ilin iyun ayında Avrasiya təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini verib.

Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə poçtun fəaliyyəti daha geniş vüsət aldı; belə ki, Azərbaycan poçtunun nümayəndələri Rumıniyanın Buxarest şəhərində keçirilmiş ÜPİ-nin 23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər və orada böyük nəticələr əldə olundu. Bunlara misal olaraq qanunsuz poçt markalarının buraxılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Azərbaycanın ÜPİ-nin ali qanunverici orqanlarından biri olan Administrativ Şuraya üzv seçilməsini göstərmək olar. 

“Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin poçt operatoru ilə birgə əməliyyatlar edir.

“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü, ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.

Mükafatlar

“Azərpoçt” MMC  2013-cü ildə keyfiyyətin idarə edilməsi üzrə Ümumdünya Poçt ittifaqının qızıl səviyyəli Sertifikatına, 2015-ci ildə S42 ünvanlama Sertifikatına və 2018-ci ildə isə həmin təşkilatın Xidmət Keyfiyyəti Fondunun (XKF) Qəyyumlar Şurasının qərarı ilə “Ən yaxşı Menecment” Sertifikatına layiq görülüb.

Bundan başqa, Azərbaycan poçtu sürətli poçt xidməti üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edib. Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur.  “Azərpoçt”un törəmə müəssisəsi olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi (EMS) də bu istiqamətdə qlobal işlər görərək, bir sıra uğurlu nəticələr əldə edib.

5 illik fasilədən sonra, EMS  2022-ci ildəki fəaliyyətinin nəticəsinə görə yenidən  2 kateqoriya üzrə -“Müştəriyə qayğı”, “Performans” – eyni anda 2 qızıl mükafat alıb.

"Azərekspresspoçt" Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə bürünc, 2003 və 2004-cü illərin yekunlarına görə iki il gümüş, 2005, 2006, 2007, 2009, 2010, 2011, 2012, 2014 və 2015-cı illərin yekunlarına görə qızıl səviyyəli sertifikatlara, 2013 və 2017-ci illərdə ilin yekunlarına görə isə "Müştəriyə Qayğı" Sertifikatına layiq görülüb.