Haqqımızda

Tarix və bu gün

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir: 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

1818-ci ilin iyun ayının

1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.

1830-cu ildə

Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində - Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları yaradılıb.

1861-ci ildə

ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.

1863-1872-ci illərdə

İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub.  Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilib.

1883-cü il 9 mayda

Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

1918-ci il 6 oktyabrda

Poçt və Teleqraf Nazirliyi yaradılıb.

1930-cu illərdə

poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir: Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi.

1945-ci ildə

Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb.

Müharibədən sonrakı illərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, poçt sahəsinin inkişafında da əhəmiyyətli işlər görülüb.

1970-ci ildə

respublikada poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatıb.  Bundan başqa, məktub korrespondensiyasının sayı 3 dəfə, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.

1997-ci il yanvar ayının 1-dən

etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.  Beləliklə 1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi.

1999-cu ildən

“Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb.

2002-ci ildə

poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib.

2004-cü 7 oktyabr tarixindən

“Azərpoçt” DM Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən milli operator kimi, 2009-cu il, 31 avqust tarixindən isə “Azərpoçt” DM–in təşkilatı-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirib.

2016-cı ildə isə

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib.

2017-ci ildə

qurumun ən uğurlu layihəsi olan “Şəbəkə” xidmət mərkəzləri istifadəyə verilib. Müasir xidmət mərkəzlərində poçt xidmətləri ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir.