Bakıda keçirilən “Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş baş tutub

Görüş “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsinin icraedicisi İsi Mustafayev, İdarə heyətinin üzvü Elgün Rəsulov, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun Baş direktor müavini Marjan Osvald, İnkişaf və əməkdaşlıq üzrə direktoru Mutua Muthusi, Avropa və MDB regionu üzrə proqram meneceri Mario Qonzales – Montiel, eləcə də ÜPİ-nin Avropa və MDB ölkələri üzrə eksperti Anar Məcidov iştirak edib.

“Azərpoçt”un fəaliyyəti, gələcək strategiyası və yeni layihələri barədə ÜPİ nümayəndələrinə ətraflı məlumat verilib. Qarşılıqlı dəstək və bu istiqamətdə əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar AZ1000 indeksli Poçt şöbəsinin fəaliyyəti ilə tanış olublar. Filateliya məhsullarının satışı məntəqəsində “Azərpoçt” tərəfindən çap olunan markalar barədə geniş məlumat verilib. Bilidirlib ki, “Avropa və MDB Poçt Liderlərinin I Forumu”na həsr olunan markalar artıq satışdadır.

Görüş maraqlı məqamla yadda qalıb: Beynəlxalq Büronun Baş direktor müavini, əslən Sloveniyadan olan Marjan Osvald Azərbaycan və Sloveniya poçtunun illər əvvəl Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə həsr etdiyi markadan söhbət açaraq, şəxsi kolleksiyasında həmin markanın Sloveniya buraxılışını saxladığıını qeyd edib. Sözügedən marka dəstinin Azərbaycan buraxılışı da “Azərpoçt” tərəfindən qonağa hədiyyə edilib.

 

support chat