Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib.
Ölkədə rəqəmsal inkişafı stimullaşdırmaq, innovativ layihələri dəstəkləmək və internet resurslarının keyfiyyətini yüksəltmək məqsədi ilə keçirilən müsabiqə çərçivəsində bu il də ən yaxşı milli veb-saytlar, sosial media səhifələri və mobil tətbiqlər mükafatlandırılıb.
Təqdimat mərasimində əldə olunan nəticələrə əsasən, “Azərpoçt”un rəsmi saytı (www.azerpost.az) “Elektron hökumət və rəqəmsallaşma” nominasiyası üzrə qalib elan olunub.
Sayt istifadəçilərə poçt xidmətləri barədə məlumatları operativ şəkildə onlayn əldə etməyə, poçt şöbələrini və göndəriş qiymətlərini rahat şəkildə öyrənməyə imkan verərək rəqəmsal xidmətlərə çıxışı daha da sadələşdirir.
Bu nailiyyətin əldə olunmasında əməyi keçən bütün komanda üzvlərinə və layihənin inkişafında iştirak edən hər kəsə təşəkkür edirik.
Qeyd edək ki, NETTY artıq 20 ildir ki, Azərbaycanın internet məkanında innovasiya və yaradıcılığı təşviq edən nüfuzlu platforma kimi milli rəqəmsal resursların inkişafını dəstəkləyir.