Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci Konqresində təmsil olunur.
Hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun Baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədri və üzvləri seçilir. Bu il ölkəmiz hər iki şuraya namizədliyini irəli sürüb və seçkilərdə iştirak edir.
Konqres çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. İspaniyanın Nəqliyyat və Dayanıqlı Mobillik nazirinin müavini Rafael Guerra Posadas, İsrailin poçt operatoru “Israel Post” şirkətinin icraçı direktoru David Laron, həmçinin Çin və Ukrayna nümayəndə heyətləri ilə görüşlərdə poçt sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı fəaliyyətin yeni imkanlar yaradacağı vurğulanıb.
Görüşlərdə Azərbaycanda poçt və elektron kommersiya sahəsində görülən işlər, tətbiq olunan yeniliklər və rəqəmsal həllər, eləcə də logistika imkanları diqqətə çatdırılıb və qarşı tərəflərin təcrübələri dinlənilib.
Nümayəndə heyətimiz həmçinin sözügedən şuralara üzvlük üçün namizədliyini irəli sürən Azərbaycanın qlobal poçt sektorunun inkişafına, ölkələrarası poçt standartlarının tətbiqinə verə biləcəyi töhfələr və digər imkanlar barədə ətraflı məlumat təqdim edib.