Dəyərli istifadəçi,
Aşağıda sizə ölkədaxili istiqamət üzrə göndərilməsinə icazə verilən aşya və mallar haqqında məlumatlar təqdim olunur. Məlumatı nəzərdən keçirərkən, göndərişin sadə və sifarişli növ və yaxud da paket, banderol və s. kimi qablaşdırma qaydalarına xüsusi diqqət yetirməyinizi xahiş edirik.
Nəzərinizə çatdırmaq istəyirik ki, poçt göndərişinin tarifi yuxarıda sadalanan xüsusiyyətlərdən asılı olaraq real əməliyyat zamanı formalaşır və bu barədə ən dəqiq məlumat əməliyyatçı tərəfindən sizə təqdim olunur.
- Daxili sadə və sifarişli məktublarda yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmalar göndərilir.
- Daxili qiyməti bəyan olunmuş məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində qiymətli kağızlar və ya sənədlər, lotereya biletləri, fotoşəkillər, poçt markaları, əlyazmalar, məhkəmə işləri və göndərici və (və ya) ünvançı üçün qiymət kəsb edən digər sənədlər göndərilir. Sənəd tərkibli sürətli poçt göndərişlərində, həmçinin yazışmalar da göndərilir.
- Daxili sadə və sifarişli banderollarda yalnız kütləvi tirajlı çap məhsulları (blanklar, broşürlər, plakatlar), dövri çap nəşrləri, bədii və digər ədəbiyyat göndərilir.
- Daxili kiçik paketlərdə mədəni-məişət və istehsal təyinatlı əşyalar, işgüzar sənədlər, çap nəşrləri, bədii və digər ədəbiyyat, səs yazıları, dərman və dərman bitkiləri, toxumlar, uzun müddət saxlanıla bilən qida məhsulları və digər qiymətli əşyalar göndərilir.
- Daxili sekoqramlarda sekoqrafik üsulla yazılmış və açıq şəkildə təqdim olunan məktublar, korlar üçün qabarıq şriftli çap nəşrləri, sekoqrafik yazı üçün klişe, korlar üçün nəzərdə tutulmuş səs yazıları və xüsusi kağızlar yalnız korlar təşkilatı tərəfindən göndərilir və (və ya) onun ünvanına çatdırılır.
- Daxili bağlamalarda və mal tərkibli sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, bitkilər, çap məhsulları, dərman preparatları, meyvə, tərəvəz və sair əşyalar göndərilir.