Suallar və cavablar

Mən pasportumu poçt vasitəsi ilə xarici ölkəyə göndərə bilərəm?

Qüvvədə olan poçt rabitəsi qaydalarına əsasən Dövlət gerbi həkk olunmuş sənədlərin əslinin beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağandır.

Müştəri adına daxil olan ölkədaxili pul köçürməsini hansı müddət ərzində ala bilər?

Ölkədaxili pul köçürməsinin ödəniş müddəti 40 gündür. Bu müddət ərzində alıcı poçt şöbəsindən pulu əldə etmədikdə köçürmə sistem tərəfindən saxlanca götürülür.

Hərbi hissəyə sürətli poçt göndərişi göndərmək olarmı və belə göndərişin çatdırılması necə baş verir?

Hərbi hissələrə ünvanlanan sürətli poçt göndərişləri ünvançıya ən yaxın poçt rabitəsi obyektinə daşınılır və hərbi hissənin poçtalyonuna çatdırılır.

Qeydiyyatlı poçt göndərişləri yollayarkən göndəriciyə qəbz verilirmi?

Qeydiyyatlı poçt göndərişləri göndərilən zaman göndəriciyə qəbz verilir və çatdırıldığı zaman alıcıya imza etdirilir.

Eyniləşdirmə üçün məndən əlavə olaraq hansı sənədlər tələb edilə bilər və ya hər hansı bir əlavə formanı doldurmağım qanunidir?

Eyniləşdirmə zamanı “müştərini tanı” prinsiplərinə, müvafiq qanununun və FATCA (Foreign Account Tax Compliance Act – Amerika Birləşmiş Ştatlarının xarici hesablar üzrə vergi əməletməsi aktı) və CRS (Common Reporting Standard – Ümumi Hesabatlılıq Standartı)-nın tələblərinə uyğun olaraq forma doldurmalısınız.

Mən anonim hesab aça bilərəm?

Anonim hesabların açılması qanunla qadağan edilir.

“Azərpoçt” MMC öz müştərilərinə qarşı risk qiymətləndirməsini aparır?

“Azərpoçt” MMC tərəfindən beynəlxalq və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müştərilər öncə eyniləşdirilir, verifikasiya edilir və apardığı əməliyyata uyğun olaraq risk qrupu üzrə təsnifləşdirilir. Hər bir risk kateqoriyası üzrə təsnifləşdirilən müştəri ilə işgüzar əlaqələr qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

“Azərpoçt” MMC tərəfindən cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə necə aparılır?

Cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ölkə qanunvericiliyi ilə yanaşı daxili qaydalar da var. Bununla bağlı mütəmadi təlimlər keçirilir, nəzarət mövcuddur.

“Azərpoçt”un ödəniş kartlarında nə kimi üstünlükləri var və həmin kartlarla xaricdə pul nağdlaşdıra, xarici saytlarda alış veriş edə bilərəm?

“Azərpoçt”un ödəniş kartları ilə aparılan əməliyyatlarda müştərilərə tətbiq edilən rüsumlar minimum səviyyədədir. Kartlar “Mastercard” brendi olduğundan siz dünyanın istənilən nöqtəsində müvafiq rüsumlarla vəsait nağdlaşdıra və nağdsız əməliyyatlar apara bilərsiniz.

"Azərpoçt”un ödəniş kartını necə əldə edə bilərəm və kartlar hansı valyutada olur?

Sizə ən yaxın Poçt filialının Müştəri xidmətləri şöbəsinə şəxsiyyətinizi təsdiq edən sənəd ilə birgə müraciət etməniz kifayətdir. Milli valyutadan başqa, dollar və evro hesablı kart almaq imkanınız var.

Kartın PİN kodunu daxil etməyimə baxmayaraq, qəbul olunmur və 3 cəhddən sonra kart bloklanır. Bu niyə ola bilər?

Bu hal mümkünsüzdür, yəni kartın PİN kodu statikdir, dəyişmir. Siz çox güman ki, başqa kartın pin kodundan istifadə edirsiniz.

Plastik kartım ATM tərəfindən müsadirə olunduğu halda nə etməliyəm?

İlk növbədə siz “Millikart” MMC-nin çağrı mərkəzinə müraciət edərək müsadirə edilmiş kartı müvəqqəti blok rejiminə keçirməlisiniz. İnkassasiya zamanı ATM-dən aşkarlanmış kart “Azərpoçt” MMC-nin Təhlükəsizlik Departamentinə təhvil verilir. Növbəti etapda siz şəxsiyyətinizi təsdiq edən sənəd ilə birlikdə “Azərpoçt” MMC-nin Təhlükəsizlik Departamentinin aidiyyatı əməkdaşlarından kartınızı təhvil almalısınız.


    Onlayn konsultasiya