Beynəlxalq əlaqələr 
 
        1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra poçt sahəsində də beynəlxalq münasibətlər qurulmağa başladı. Beləliklə, Azərbaycan poçtu dünya poçtuna inteqrasiya yolunda öz uğurlu addımlarını atdı və hazırda da atmaqdadır. Bu gün “Azərpoçt” MMC  dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub. Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olan “Azərpoçt” bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurur, beynəlxalq tədbirlərdə üzv və ya müşahidəçi kimi fəal iştirak edir.  
Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da ümumilli liderimiz Heydər Əliyevin danılmaz xidmətləri mövcuddur. 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlayıb.Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, poçt və rabitə sahəsinin inkişafının bünövrəsi də məhz bundan sonra qoyulub.
        1993-cü ilin aprel ayında Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlüyünə qəbul olundu. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaratdı.   Bundan başqa, Azərbaycan poçt  administrasiyası 1991-ci ilin dekabr ayında Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatına (RRƏT),  1992-ci ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ilin yanvar ayında Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT),  2001-ci ilin  iyun ayında Avrasiya təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini verdi. 
       2004-cü ilin fevral ayında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə poçtun fəaliyyəti daha geniş vüsət aldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan poçtunun nümayəndələri Rumıniyanın Buxarest şəhərində keçirilmiş ÜPİ-nin 23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər və orada böyük nəticələr əldə olundu. Bunlara misal olaraq qanunsuz poçt markalarının buraxılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi,  Azərbaycanın ÜPİ-nin ali qanunverici orqanlarından biri olan Administrativ Şuraya üzv seçilməsini göstərmək olar. 
     Hazırda ÜPİ-nin Administrativ Şurasında üzvlüyə görə Azərbaycan poçtunun üzərinə bir çox öhdəliklər düşür və bunların yerinə yetirilməsi üçün bu qurumun bütün tədbirlərində fəal iştirak edilir. Belə ki, ÜPİ-nin bir çox komissiyalarının, layihə və işçi qruplarının toplantılarında, şuraların sessiyalarında iştirak etmək məqsədi ilə poçt mütəxəssislərindən ibarət nümayəndə heyəti vaxtaşırı ezam olunurlar.
       “Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri (İnternetlə elektron sorğu) sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin  poçt operatoru ilə birgə əməliyyatlar edir. “Azərpoçt” MMC hal-hazırda beynəlxalq poçt bağlamaları üzrə əməkdaşlıq etdiyi bütün ölkələrlə, sifarişli göndərişlər üzrə isə mövcud imkanlar daxilində və iki tərəfli razılaşma əsasında 35 ölkənin təyin olunmuş poçt operatoru ilə  izləməni təmin edib. 
   “Azərpoçt” MMC  2013-cü ildə keyfiyyətin idarə edilməsi üzrə Ümumdünya Poçt ittifaqının qızıl səviyyəli Sertifikatına, 2015-ci ildə S42 ünvanlama Sertifikatına və 2018-ci ildə isə həmin təşkilatın Xidmət Keyfiyyəti Fondunun (XKF) Qəyyumlar Şurasının qərarı ilə “Ən yaxşı Menecment” Sertifikatına layiq görülüb.
Azərbaycan poçtu sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edib. Belə ki, bu xidməti həyata keçirən "Azərpoçt" MMC-nin filialı olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətini daim yüksəltməyə çalışıb, bu istiqamətdə qlobal işlər görərək, bir sıra uğurlu layihələr həyata keçirib. Hazırda müəssisə yüksək keyfiyyətli xidmətləri ilə nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də məşhurdur. Müəssisəsəyə verilmiş beynəlxalq dərəcəli sertifikatlar da bunu bir daha təsdiqləyir. Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. "Azərekspresspoçt" Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə bürünc, 2003 və 2004-cü illərin yekunlarına görə iki il gümüş, 2005, 2006, 2007, 2009, 2010, 2011, 2012, 2014 və 2015-cı illərin yekunlarına görə isə doqquz il qızıl səviyyəli sertifikatlara, 2013 və 2017-ci illərdə 2 dəfə ilin yekunlarına görə isə "Müştəriyə Qayğı" Sertifikatına layiq görülüb.   
     "Azərpoçt" MMC-in beynəlxalq münasibətlərinin inkişafı istiqamətində növbəti önəmli addım Dünya Bankının maliyyə dəstəyi ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin həyata keçirilməsi olub. Hazırda bir çox ölkələrin poçt administrasiyaları bu layihə çərçivəsində "Azərpoçt" MMC-in əldə etdiyi uğurlarla tanış olmaq və öyrənmək məqsədilə "Azərpoçt" MMC-ə səfərlər edirlər.
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısı İlham Əliyevin  apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir. Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmış və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb.
Layihə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.