Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.


28.04.2023 1412


 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışıb. Nazir Zərifə xanımı şəxsən tanıyanların daim onu böyük insan, əsl ziyalı, nəcib, qayğıkeş xanım kimi xarakterizə etdiyini və onun Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.

 

Nazirlik yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və “Azərbaycan Filatelistlər İttifaqı” İB-nin sədri İntiqam Bağırlı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışıblar.

Daha sonra Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənməsi proseduru həyata keçirilib.

 

Qeyd edək ki, Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində “Azərpoçt” MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

 

 



Onlayn konsultasiya