“Azərpoçt” regionda təkrar emal olunmuş materiallardan marka buraxan ilk poçt təşkilatı oldu
12.11.2024
564
Ölkənin milli poçt operatoru davamlı inkişaf sahəsində mühüm addım atıb. Belə ki, “Azərpoçt” regionda ilk təşkilatdır ki, təkrar emal olunmuş materiallardan poçt markalarının buraxılmasına başlayıb. Bu yenilik poçt xidmətlərinin ətraf mühitə təsirini azaltmaq və ümumi xidmət sahəsində yaşıl həlləri təşviq etmək məqsədi daşıyır.
İlk buraxılan marka isə Azərbaycanda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunub. Tədbirin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, buraxılan markaların COP29 tədbirinin konsepsiyasına və tələblərinə tam cavab verməsi “Azərpoçt” MMC tərəfindən təmin olunub. Tam innovativ sayılan bu buraxılışın əsas ideyası ondan ibarətdir ki, markalar 100 faiz təkrar emal edilmiş materiallar əsasında çap olunub.
Markalar Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei GmbH” mətbəəsində 10.000 tirajla çap edilib. Xüsusilə qeyd olunmalıdır ki, təkcə kağızın təkrar emalı 2,5 ay çəkib. Bu da “Azərpoçt”un yaşıl dünya naminə həmrəylik nümayiş etdirərək, COP29 tədbirinin ideyasına sona qədər sadiq qalmasını göstərir.
Qeyd edək ki, təkrar emal edilmiş materiallardan istifadə təşəbbüsü təkcə tullantıların azaldılmasına kömək etmir, həm də regionda poçt və dövlət xidmətləri üçün yeni standart müəyyən edir.