Bu gün Ümumdünya Poçt Günüdür - "AZƏRTAC"dan məqalə


09.10.2024 529


Ümumdünya Poçt Günü münasibətilə  AZƏRTAC "Azərpoçt"un yarandığı gündən keçdiyi inkişaf yolu və fəaliyyəti barədə əsas tarixi hadisələri oxucuların diqqətinə çatdırıb.

 

Müsahibəni sizlərlə paylaşırıq:

İstinad linki: bit.ly/3NgoAuy 

 

Bu gün dünyada poçt sahəsi işçilərinin peşə bayramının 150 illiyi - Ümumdünya Poçt Günü kimi qeyd olunur.

 

AZƏRTAC xəbər verir ki, Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə təsis edilib. Bu tarix 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan olunub.

 

Yarandığı vaxtdan ötən illər ərzində tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla, BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.

 

Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətlərini təqdim edirlər.

 

Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

 

Azərbaycan poçt qurumu 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

 

“Azərpoçt”un beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.

 

Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.

 

Qeyd edək ki, Azərbaycan poçtunun da qədim tarixi var. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb.

İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılıb. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib. Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

 



Onlayn konsultasiya