“Azərpoçt” MMC-də Ümumdünya Poçt İttifaqının yaranmasının 145 illiyi qeyd olunub


09.10.2019 2948


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Ümumdünya Poçt İttifaqının yaranmasının 145 illiyi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan qurumun Baş direktoru Emin Əfəndiyev bildirib ki, 9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. “Bu il həm də Ümumdünya Poçt İttifaqının yaranmasının 145 illiyi tamam olur. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən Ümumdünya Poçt Günü Azərbaycanda geniş qeyd olunur.”

Baş direktor qeyd edib ki, son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. “Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya və Poçt Əməliyyatları Şurasına seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub”,- deyə baş direktor bildirib.

“Azərpoçt” MMC-nin fəaliyyətini genişləndirdiyini deyən Emin Əfəndiyev qeyd edib ki, hazırda qurumun tərkibi 63 rayon və şəhər filialından, 7 rayon rabitə qovşağı, 4 törəmə müəssisə, 84 agentlik, Poçt Filiallarının tabeliyində olan 1496 şöbədən ibarətdir. Baş direktor həmçinin “Şəbəkə” xidmət mərkəzlərinin əhəmiyyətindən söhbət açıb. Vurğulayıb ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC 2017-ci il fevral ayının 10-dan "Şəbəkə" layihəsinə start verib. “Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzimiz fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Sumqayıt, Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın gələcəkdə Şəbəkə xidmət mərkəzlərinin bütün iri şəhər və rayonları əhatə edəcəyini planlaşdırılır.”

Tədbirin sonunda Ümumdünya Poçt İttifaqının 145 illiyi və poçt sahəsində uzunmüddətli, səmərəli əmək fəaliyyətlərinə görə bir qrup veteran poçt işçisinə fəxri fərman və mükafatlar təqdim edilib.



Onlayn konsultasiya