Azərbaycanda ilk dəfə həyata keçirilən “agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu


17.05.2022 720


Azərbaycanda ilk dəfə həyata keçirilən “Agent bankçılıq” layihəsi daha bir regionda – Qəbələ şəhərində əhaliyə təqdim olunub. “Agent bank” rolunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Access Bank” QSC ilə əməkdaşlıq çərçivəsində yerinə yetirir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC filialında “AccessBank” QSC-nin təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir. Bütün ölkə vətəndaşları üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyan “agent bankçılıq” modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılmışdı. Mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.

 

Hazırda “Azərpoçt” MMC-nin hər iki regiondakı filialında müştərilərə, tələbata əsasən, mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunur.

 

Məlumat üçün bildirək ki, “agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilat tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə olunur.

 

“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.

 

Üçəsrlik tarixə malik “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.

 

Vətəndaşlar “Azərpoçt” xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün qurumun rəsmi veb-səhifəsinə (www.azerpost.az) daxil ola, eyni zamanda 169 Çağrı Mərkəzinə  və qurumun rəsmi sosial şəbəkə hesablarına (https://www.facebook.com/azerpost.azhttps://www.instagram.com/azerpost.az/) müraciət edə bilərlər.

 



Onlayn konsultasiya