Ümumdünya Poçt İttifaqının yaranmasının 147 illiyi


08.10.2021 1377


 

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 147 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur.

 

Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

 

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib. Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.

 

Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.

 

Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb.

 

“Azərpoçt” MMC 2010-cu ildə  Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya verildikdən sonra “poçt xidmətləri ilə yanaşı maliyyə xidmətləri də göstərir.

 

Qeyd edək ki, “Azərpoçt” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən bir sıra sosial layihələrə dəstək verib. Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən sosial aksiya çərçivəsində, eyni zamanda müqəddəs Ramazan ayı müddətində aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin verilməsi prosesi poçt şöbələrində də uğurla həyata keçirilib. Layihə üzrə 600 mindən artıq vətəndaşa 2020-ci ilin aprel ayı üçün ödənişlər “Azərpoçt” MMC tərəfindən təqdim edilib.

 

Xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etmək üçün Bakı ətrafı qəsəbələrdə səyyar poçt xidməti təşkil olunub.

 

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, fermerlərə qayğı göstərmək məqsədilə dəstək kampaniyası həyata keçirilib. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün “Fermer kartları”nın “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılması təmin olunub.

 

Qeyd edək ki, hazırda beynəlxalq miqyasda hava nəqliyyatı əlaqələri müvəqqəti olaraq məhdudlaşdırılıb. “Azərpoçt” MMC vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq beynəlxalq poçt göndərişlərinin yük avia daşıma yolu ilə həyata keçiriməsi barədə razılıq əldə edib.

 

Poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində 40-a yaxın ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında isə məhdudiyyət yoxdur.

 

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək kimi tarixi missiyanı həyata keçirdi.

 

Vətən müharibəsinin ilk günlərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və tabeli qurumlarının əməkdaşları da cəbhəyə yollandı. Azərpoçt MMC-nin 39 əməkdaşı da onların sırasında oldu. 1 nəfər əməkdaşımız Rəhimov Rəşad İlqar oğlu 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, hal-hazırda işğaldan azad olunan Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyət göstərir. Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulur. Gələcəkdə bütün bölgələr üzrə tələbata uyğun xüsusi poçt rabitəsinin və poçt xidmətlərinin təşkili üçün yeni poçt marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.

 

Bu gün “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsilə həftə içi hər gün, eyni zamanda şənbə, bazar  və bayram günləri də xidmət göstərir. “Azərpoçt” MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.

 

“Azərpoçt” MMC ümumi poçt rabitəsi (universal, sürətli, kuryer və s.), xüsusi təyinatlı poçt rabitəsi, maliyyə (poçt hesablarının açılması və əməliyyatların aparılması, pul köçürmələrinin həyata keçirilməsi, maliyyə təsisatlarında müxbir hesabların açılması, ödəniş vasitələrinin, o cümlədən debet kartlarının buraxılması, nağd pulun və digər qiymətlilərin inkassasiyası), sığorta, elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər), dövlət ödənişlərin toplanması (kommunal xidmətlər, vergilər) xidmətlərini həyata keçirir.

 

169 Çağrı Mərkəzi, facebook və instagram sosial şəbəkələri vasitəsilə 24 saat ərzində vətəndaşların müraciətləri qəbul olunur, sualları cavablandırılır, təklifləri eşidilir və dəyərləndirilir. Bir sözlə, “Azərpoçt” MMC bugün də quruda, dənizdə və havada fəaliyyətini uğurla davam etdirir.



Onlayn konsultasiya