“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı


14.01.2021 1546


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC, Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) və “Aktif Bank” arasında müqavilələr imzalanıb. Sənədlər ödəniş ötürmə sistemi üzrə, eləcə də “Azərpoçt” və PTT arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsini nəzərdə tutur.

 

Müqavilələr “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyev, PTT Baş müdiri Hakan Gülten, “Aktif Bank” Baş müdiri Serdar Sümer tərəfindən imzalanıb.

 

Tədbirdə Azərbaycanın 30 il davam edən erməni işğalına qarşı 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdığı bildirilib. Qeyd olunub ki, bu tarixi zəfər Azərbaycan – Türkiyə birliyinin bariz nümunəsidir. Həmçinin Türkiyənin Poçt və Teleqraf Təşkilatının Baş müdiri Hakan Gültenin müharibə vaxtı “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyevə dəstək məktubu ünvanlaması da diqqətə çatdırılıb.

 

Qeyd edək ki, qurumlar arasında poçt və maliyyə sahəsində imzalanan müqavilələr qarşılıqlı əməkdaşlıq sahəsində yeni imkanlar yaradacaq.

 

“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, iki poçt operatoru müştərək xidmətlərdə əhaliyə daha sərfəli tariflərlə xidmət göstərəcək. Müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib. “Aktif Bank” tərəflərə “Ödəniş ötürmə sistemi” şəbəkəsinə qoşulmaq və ödəniş tapşırıqlarını vermək üçün xidmətindən istifadə etmək imkanı yaradıb. Layihənin müsbət tərəflərindən biri odur ki, vətəndaşlar “Azərpoçt” və PTT-nin istənilən poçt məntəqəsində daha aşağı tariflərlə xidmətdən istifadə edə biləcəklər.

 

Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi haqqında əməkdaşlıq müqaviləsinə əsasən isə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verir.

 

İmzalanma mərasimindən sonra “Azərpoçt” MMC, PTT və “Aktif Bank” nümayəndələrinin geniş tərkibdə görüşü keçirilib.



Onlayn konsultasiya