Ümumdünya Poçt İttifaqının yaranmasının 146 illiyi


09.10.2020 3264


9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 146 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur.

 

Son 16 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

 

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib.

Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.

 

Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb. Layihə 2010-cu ildə uğurla sona çatdırılıb. Bu layihənin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətədavamlı qurumlardan biridir.

 

Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.

 

Qeyd edək ki, “Azərpoçt” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən bir sıra sosial layihələrə dəstək verib. Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən sosial aksiya çərçivəsində, eyni zamanda müqəddəs Ramazan ayı müddətində aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin verilməsi prosesi poçt şöbələrində də uğurla həyata keçirilib. Layihə üzrə 600 mindən artıq vətəndaşa aprel ayı üçün ödənişlər “Azərpoçt” MMC tərəfindən təqdim edilib.

 

Xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etmək üçün Bakı ətrafı qəsəbələrdə səyyar poçt xidməti təşkil olunub.

 

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, fermerlərə qayğı göstərmək məqsədilə dəstək kampaniyası həyata keçirilib. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün “Fermer kartları”nın “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılması təmin olunub.

 

Qeyd edək ki, hazırda beynəlxalq miqyasda hava nəqliyyatı əlaqələri müvəqqəti olaraq məhdudlaşdırılıb. “Azərpoçt” MMC vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq beynəlxalq poçt göndərişlərinin yük avia daşıma yolu ilə həyata keçiriməsi barədə razılıq əldə edib.

 

Poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında isə məhdudiyyət yoxdur.

 

Bu gün “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərir. 169 Çağrı Mərkəzi vasitəsilə 24 saat ərzində vətəndaşların sualları cavablandırılır, təklifləri eşidilir və dəyərləndirilir. Bir sözlə, “Azərpoçt” MMC bu gün də quruda, dənizdə və havada fəaliyyətini uğurla davam etdirir.

 



Onlayn konsultasiya