Nobel mükafatına layiq görülən ilk rus yazıçı və şairinə həsr olunan marka


06.02.2020 1471


Rusiya poçtu fevral ayının 7-də "Nobel mükafatı laureatları" silsiləsi çərçivəsində yazıçı, şair İvan Alekseeviç Buninin anadan olmasının 150 illik yubileyinə həsr olunan poçt markasını dövriyyəyə buraxacaq. Poçt markasının üzərində ağac və malikanə fonunda İvan Buninin portreti öz əksini tapacaq. Markalı vərəqlərin kənarlarında isə şairə aid sitat və faksimilləri yer alacaq.

 

Poçt markasının dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq, Voronej şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə dizayner S.Ulyanovskiyə məxsusdur.

 

Marka poçt vərəqində yer alaraq 32,5×32,5 mm ölçülərində hazırlanacaq və 126 min tirajla tədavülə buraxılacaq. Poçt vərəqi isə125×125 mm ölçülərində 14 min nüsxə ilə işıq üzü görəcək.

 

Məşhur yazıcı və şairə həsr olunan bu orijinal poçt markasının nominal dəyəri 50 rubl təşkil edəcək.

 

Qeyd edək ki, İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısı və şairidir. Yazıçı tarixə ədəbiyyat üzrə 33-cü nobelçi kimi düşüb və bu mükafat ona "Rus klassik nəsrinin ənənələrini ustalıqla davam etdirdiyinə görə" verilib.



Onlayn konsultasiya