“Azərpoçt” MMC və “Belpoçta” arasında müqavilə imzalanıb
05.12.2019
3039
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və Belarusun poçt operatoru “Belpoçta” arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.
İmzalanma mərasimi “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan da iştirak edib.
Müqaviləyə əsasən tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun qiymətlərlə çatdırılması təmin olunacaq.
Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.
Qeyd edək ki, ötən il “Bakutel-2018” Sərgisində “Azərpoçt” MMC və “Belpoçta” arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.