Nazir Ramin Quluzadə Avstriyanın Milli Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edib


25.10.2019 163


Avstriyanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Avstriya Dövlətinin Milli Günü münasibətilə Avstriya xalqını təbrik edib, onlara tərəqqi, rifah və əmin-amanlıq arzu edib.

Dövlətlərimiz arasında siyasi, mədəni, iqtisadi və ticari əlaqələrin pozitiv inkişaf dinamikasına diqqət çəkən nazir bu münasibətlərin artan xətt üzrə inkişaf etdiyini qeyd edib.

Ramin Quluzadə bildirib ki, Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 2018-ci ildə 397 milyon ABŞ dolları təşkil edib və bu rəqəmin daha da artması üçün geniş imkanlar mövcuddur. “Azərbaycan və Avstriya prezidentləri tərəfindən 2013-cü ilin may ayının 13-də imzalanmış Birgə Bəyannamə ilə ölkələrimiz arasında mövcud olan yüksək əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu Bəyannamə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin qısa təsviridir və orada bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Avstriya tərəfinin mövqeyi öz əksini tapıb. Münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında sülh yoluyla həlli ilə bağlı Avstriyanın ədalətli mövqeyini yüksək qiymətləndiririk” – deyə nazir vurğulayıb.

İndiyədək Azərbaycanla Avstriya arasında 40-dan çox sənəd imzalandığını xatırladan nazir hazırda tərəflər arasında  10-dan çox sənədə isə baxıldığını deyib. “Bu gün Avstriya Azərbaycanın Avropada, Azərbaycan isə Avstriyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşına çevrilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli yeri iş adamları tutur. Avstriya şirkətləri müxtəlif illərdə Azərbaycanda reallaşdırılan bir sıra vacib infrastruktur layihələrinin iştirakçısı olub”.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycanla Avstriya arasında innovativ texnologiyalar, nəqliyyat, səhiyyə, energetika, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Nazir çıxışının sonunda dövlətlərimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.



Onlayn konsultasiya