HUB-la 18 min 891 ədəd poçt həcmi dünyanın 17 ölkəsinə göndərildi


30.04.2019 282


Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi,  beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində 3 ildir ki, beynəlxalq layihə həyata keçirilir.

Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmış və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb..

Layihə dünyanın əsas yük mərkəzi olan Cin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.

Honq Konq şirkəti ilə bağlanmış müqavilə əsasında  2019-cu ilin 1-ci rübündə 4 min 892 kq, yəni  18 min 891 ədəd  poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Ukrayna kimi ölkələrə  11 min 230 ədəd sifarişli, 7 min 661 ədəd sadə kiçik paket   poçt həcmi çatdırılıb.

Eyni zamanda “Azərpoçt” MMC-nin EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan  sürətli poçt göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir.

Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır. Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən “Azərpoçt” MMC vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.

 



Onlayn konsultasiya